Nabran çimərlik mövsümü və... zibillik ərəfəsində - PROBLEM
Xaçmazın Nabran turizm zonasında çimərliklər dəniz mövsümü bitəndən sonra tullantılarla dolu olur.
APA TV-nin şimal bürosunun məlumatına görə, Nabran bələdiyyəsinin nəzarət etdiyi Xəzər dənizinin 18 km-lik sahil zolağının təmizlənməsi bələdiyyənin imkanları xaricindədir.
Bələdiyyə sədri Qüdrət Qədimov deyir ki, bunun üçün bizim kifayət qədər imkanımız yoxdur: "Biz çatdıra bilmirik. Cəmi 4-5 nəfərik, onlar da iş adamlarıdır. Bu həftə Xudatdan fəhlələr gətirib xeyli ərazini təmizlətmişik. Amma hamısı bizi imkanımız daxilində deyil. Biz sahibkarlardan, balıqçılardan xahiş edirik ki, dəniz kənarını təmiz saxlasınlar".
Xaçmaz 5 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Rafiq Ədilov problemdən çıxış yolu kimi insanlar arasında təbliğatın vacibliyini qeyd edir. Onun sözlərinə görə, vaxtaşırı həmin ərazilərdə ətraf mühiti çirkləndirənlərə qarşı reydlər keçirilir: "Nabran bizim xidməti ərazimizə aiddir. Burda sahibkarlıq fəaliyyəti ilə məşğul olan xeyli obyektlər var. Həmin obyektlərdən zibilin daşınması müqavilə əsasında aparılır. Biz cərimə edib insanları qorxutmaq istəmirik. Biz təbliğatla insanların təbiətə olan münasibətini dəyişmək istəyirik. Vaxtaşırı reydlər keçirilir".
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən başlayır. Nabran şimal bölgəsində turistlərin ən çox üz tutduqları məkanlardan biridir.