Bayram Səfərov: "Sarkisyan həm də erməni xalqının düşmənidir"

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib.

 

APA TV-nin xəbərinə görə, ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Şuşa sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Ziyarətçilər şəhidlərin məzarına gül düzüb, ruhlarına dualar oxuyub, “Əbədi məşəl” kompleksi önünə əklil qoyublar.

 

Şuşada şəhid olmuş tank komandiri, yəhudi əsilli Albert Aqarunoviç Aqarunovun məzarı da ziyarət edilib.

 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ziyarətdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb. O, Ermənistandakı daxili vəziyyətin Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcəyini vurğulayıb: "26 ildir erməni xalqının başına müsibətlər gətirilir,  ac-yalavac yaşayırlar. Dünyanın inkişaf etdiyi XXI əsrdə daxili şəraitinə diqqət ayırsınlar, sonra Qarabağ haqqında iddialar olsun. Ermənistanın Qarabağla bağlı heç bir iddiası ola bilməz.  Bütün dünya  ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir".

 

Bayram Səfərov həmçinin Serj Sarkisyanın istefasına da münasibət bildirib: "Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim. Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdır".

 

B.Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir. "Gün gələcək, törətdikləri cinayətə  görə məhkəmə qarşısında cavab verəcəklər" - deyə o qeyd edib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı