Qəbələdə stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarına start verilib

“Qəbələ” Atıcılıq Klubu növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, klubun idman bazası olan Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarına start verilib.

 

“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir.

 

Beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının mükafatçıları da var. Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov