Valeh Hüseynov: "İki talassemiya daşıyıcısı ailə qursa..."

"Hazırda Azərbaycanda 3 mindən artıq talassemiya xəstəsi var".

 

APA TV-nin məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin baş direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bir çox ölkəyə nümunə sayılacaq dövlət proqramı çərçivəsində talassemiyalı xəstələrə qayğı göstərilir: "Eyni zamanda 2009-cu ildən talassemiyalı xəstələrə xidmət göstərmək üçün mərkəz inşa olunub. Ölkəmizdə talassemiya geninin bir milyon daşıyıcısı var. Daşıyıcılıq heç vaxt xəstəliyə dönə bilmir. Daşıyıcının normal insandan fərqi odur ki, sadəcə, hemoqlabin bir miqdar aşağı olur. İki daşıyıcı ailə qurarsa, bu ailələrdə talassemiya xəstəsinin dünyaya gəlmə ehtimalı 25 faiz yüksəkdir".

  

Valeh Hüseynov əlavə edib ki, üç ilə yaxındır aparılan təbliğat işləri nəticəsində talassemiyalı xəstələrin doğulmasında azalma müşahidə edilir: "Nikaha daxil olan cütlüklərin müayinəsi, maariflənmə yaxın gələcəkdə talassemiyalı xəstələrin doğulmasını sıfıra endirə bilər. Hazırda biz bu istiqamətdə çox ciddi işlər aparılır".

 

O qeyd edib ki, son 5 ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların böyük əksəriyyəti talassemiyalı xəstələr olub. Alınan nəticələr dünyadakı nəticələrlə eynidir. Valeh Hüseynov bildirib ki, gələcəkdə qoyulan hədəflərdən biri toxuma uyğunluğu reyestrinin formalaşdırılmasıdır. Bu da donor tapa bilməyən xəstələrə donor tapılmasına kömək edəcək. 

 

Xatırladaq ki, Respublika Talassemiya Mərkəzində 8 may - Beynəlxalq Talassemiya Günü münasibətilə tədbir keçirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova