Rauf Talışinskinin meyiti morqa aparıldı - HADİSƏ YERİNDƏN
Bu gün evində meyiti tapılan tanınmış jurnalist Rauf Talışınskinin nəşi müayinə olunmaq üçün morqa aparılıb.
APA TV-nin məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək müayinələr aparıblar.
Yaxınlarının dediyinə görə, o, hadisə vaxtı evdə tək olub. R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib. Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir. Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski ilə vida mərasimi sabah saat 14.00-da Təzəpir məscidində keçiriləcək. Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, Rauf Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi mətbu orqanlarda işləyib. 1990-cı ildən "Ayna"/"Zerkalo" qəzetinin rəhbərlərindən biri olub. 27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi.