Masallıda faciə: ər-arvad diri-diri yandı, ev sahibi yolda keçindi

Masallıda yaşayış evində yanğın olub, bir ailənin üç üzvü yanaraq həyatını itirib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb.

Kənd sakini, 73 yaşlı Kamran Əzimova məxsus ümumi sahəsi 180 kvadrat metr olan taxta konstruksiyalardan ibarət, iki mərtəbəli, 7 otaqlı evdə gecə saat 01:00 radələrində anidən yanğın baş verib. Yanğın qısa müddətdə bütün evi əhatə edib.

Hadisə zamanı evin ikinci mərtəbəsində yatmış 45 yaşlı Namiq Əzimov və onun həyat yoldaşı, 35 yaşlı Zeynəb Əzimova tüstüdən boğulub və yanaraq həyatlarını itiriblər. Ev sahibi Namiq Əzimovun atası Kamran Əzimov isə ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və yolda dünyasını dəyişib. Ailənin digər üç üzvü isə hadisə zamanı evin birinci mərtəbəsində olduqlarından və yatmadıqlarından yanğından xilas ola biliblər.

Yanğın Masallı və Cəlilabad rayonlarından hadisə yerinə cəlb olunmuş yanğınsöndürən maşınlar və canlı qüvvə tərəfindən səhərə yaxın söndürülüb.

Ümumilikdə 180 kvadrat metr olan evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kvadrat metr sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Hadisənin naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov