Əli Həsənov: “Azərbaycanda bütün din və mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır”
“Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətləri var”. Bu fikirləri QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə qurumun təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konfransda deyib.
QMİ sədri bildirib ki, Heydər Əliyevin ön böyük mirası dövlətçilik ideyasıdır: “Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən, Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini əmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Ulu öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi”.
Konfransda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaradıb: “Azərbaycan xalqı bu nümunələr əsasında yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı – tolerantlıq, ictimai-siyasi sabitlik, xalqlar, millətlər, dinlər arasında birgə yaşayışın sivil normalarının gözəl nümunələrini təqdim edir. Bu nümunələrlə biz fəxr edirik”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır: “Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Liderin yaratdığı nümunə budur”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib: "Ulu öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı. Torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar vilayəti işğal təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan prezidenti cənab İlham Əliyev də apardığı siyasətlə ulu öndərin layiqli davamçısı olduğunu sübut etdi".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib.
Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub.
Qeyd edək ki, konfransda Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.