Ziyafət Əsgərov: "Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam?"
“Mən İkinci Dünya müharibəsində Kareliya yarımadasından qovulmuş ailənin nümayəndəsiyəm. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hisslərinizi başa düşürəm”.
APA TV -nin məlumatına görə, bu sözləri Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala bildirib.
H.Hautala deyib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Kamil Xasıyev isə Dağlıq Qarabağ münaqişəsinin fərqli xarakterdə olduğunu vurğulayıb: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, münaqişəli ərazi deyil. Dağlıq Qarabağ probleminə Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Ukraynadakı münaqişələr kimi yanaşılmalıdır”.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin Avropa Komissiyası ilə də müzakirə olunduğunu xatırladıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Ancaq bu qətnamələr niyə icra olunmur? Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam? Niyə Cənubi Osetiyaya bir cür, Dağlıq Qarabağ münaqişəsinə başqa cür münasibət göstərilir? Əgər 1989-cu ildə Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq prizmasından yanaşılsaydı, dünyada başqa münaqişələr olmazdı. Bu gün İspaniyada, digər Avropa ölkələrində də separatçı hərəkatlar baş qaldırır. Mən Avropa demokratiyasından ədalət tələb edirəm”.
Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Birgə Bəyanat və tövsiyələr müzakirə olunub.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, Suriyadan olan erməni qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilir. C.Feyziyev Birgə Bəyanata Ermənistanı suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərdən yerləşdirməməyə çağırmaq barədə düzəliş əlavə edilməsini təklif edib. Bu düzəliş qəbul edilməyib.
Münaqişə zonasında silahlara nəzarət barədə müddəa isə Azərbaycan tərəfinin etirazı nəticəsində qəbul olunmayıb.
Birgə Bəyanata əməkdaşlıqla bağlı müddəalar salınıb. Sonda Bəyanat səsə qoyularaq qəbul edilib.