İki dövlət qurumu arasında memorandum imzalanıb
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb.
APA TV-nin məlumatına görə, memorandumu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev imzalayıb.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev öncə Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsinin sədri təyin olunması münasibətilə təbrik edib.
Kamran Əliyev bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, qaçaqmalçılıq cinayətinin törədilməsi, eləcə də gömrük əməkdaşları tərəfindən törədilmiş hüquqpozmaların qarşısının alınması baxımından yeni saziş mühüm əhəmiyyət kəsb edir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev isə qeyd edib ki, əməkdaşlıq memorandumuna əsasən bundan sonra gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş vəzifələrini icra edərkən yarana biləcək hər hansı qanun pozuntularının qarşısı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə alınacaq.