Morninqstar: "Azərbaycan dünyaya təkcə neft yox, həm də qaz satacaq"
"Şahdəniz II" layihəsi Azərbaycan üçün geniş imkanlar açacaq. APA TV-nin xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər Avropa Klubunda keçirilən görüş zamanı deyib ki, Azərbaycan indi dünya bazarına təkcə neft yox, həm də qaz çıxaran dövlət olacaq, bu isə ölkənin suverenliyi və müstəqilliyi üçün vacibdir: ""Şahdəniz 2" layihəsinin yekun investisiya razılaşması nəinki Azərbaycan, o cümlədən Gürcüstan üçün tranzit ölkə kimi və Türkiyəyə həm tranzit ölkə, həm də qazın alıcısı kimi çox vacibdir. Artıq irəliyə doğru necə addımlamaqla bağlı yekun qərar verildikdən sonra yalnız bu sazişin necə icra edilməsi məsələsi qalır. Bu layihədə bir neçə ildir, iştirak edən bir şəxs kimi bu sazişin imzalanmasında iştirak etməkdən çox şad idim".
Səfir Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının da vacib olduğunu deyib. Onun sözlərinə görə, bu təşkilata üzvlük Azərbaycana fayda verəcək.
Görüşün yekununda səfirə klubun fəxri üzvlük sertifikatı verilib.