Fransa, Almaniya və Britaniya ABŞ-a zidd getdi: "Müqaviləni davam etdirəcəyik”
Fransa, Almaniya və Böyük Britaniya liderləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb.
APA TV-nin “İndependent”ə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın baş naziri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildirib.
Bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi BMT-nin Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük qazanclarından biridir: “Bu müqavilə hamımıza aiddir. Bu müqaviləni beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Saziş regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz müqaviləni davam etdirəcəyik”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmadan çıxdığını bildirib.