İran prezidenti: "Lazım gəlsə yenidən uranın zənginləşdirilməsi prosesinə başlayacağıq"

İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasına münasibət bildirib. APA TV-nin Tehran bürosunun məlumatına görə, H.Ruhani ABŞ-ın heç vaxt öz öhdəliklərini yerinə yetirmədiyini qeyd edib:

“Bizim ötən 40 illik tariximiz və ondan öncəki illərdə müşahidə etdiyimiz bu olub ki, ABŞ İran xalqına qarşı, region xalqlarına qarşı həmişə düşmənçilik mövqeyini sərgiləyib”.

H.Ruhani deyib ki, İran Beynəlxalq Atom Enerjisi Təşkilatının qənaətinə əsasən, bütün öhdəliklərini yerinə yetirib: “Biz bu gün beynəlxalq öhdəlikləri yerinə yetirməyən ölkənin hansı ölkə olduğunu görürük. İranın nüvə proqramı üzrə razılaşma bir neçə tərəfli bir razılaşma idi. İran xalqı öz öhdəliklərini yerinə yetirdi və öhdəliyinə əməl etməyənin kimliyi bəlli oldu. Donald Trampın mövqeyini dəstəkləyən yeganə ölkə isə sionist rejimdir. İran bu razılaşmaya sadiq qalacaq. Trampın atdığı bu addım psixoloji müharibədir. Biz icazə verməyəcəyik ki, Tramp bu müharibədə qələbə qazansın. Əgər lazım gələrsə, uranın sənaye zənginləşdirilməsi prosesinə heç bir məhdudiyyət olmadan başlayacağıq”.

Prezident H.Ruhani tezliklə xalqla bu haqda daha geniş danışacağını bildirib.

Qeyd edək ki, ABŞ İranın nüvə proqramı üzrə razılaşmadan çıxıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Müəllif | Apa.Tv
Apa.tv