Bakıdan İrəvana cavab: "Paşinyanın açıqlaması cavabdan çox sual yaradır"

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlaması Bakıda cavabdan daha çox suallar yaradır. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk açıqlaması çoxlu suallar yaradır və başadüşülən deyil. Bu, ilkin sadəlövhlükdür, mövzudan xəbərsiz olmaqdır, yoxsa qələbə duyğusudur? Bəlkə də hamısı bir yerdə? Yaşayarıq, görərik", - deyə H.Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanda etirazlar başlayandan rəsmi Bakı İrəvanda proseslərə ayıq başla yanaşan, bölgədəki vəziyyəti doğru qiymətləndirə biləcək siyasi qüvvənin hakimiyyətə gələcəyinə ümid edib.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin yenicə baş nazir seçdiyi Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağa hazır olduğunu bildirib. O eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlarda iştirak etməli olduğuna dair şərt irəli sürüb. 

Müəllif | Apa.Tv
Apa.tv