"ASAN Xidmət" mərkəzlərində uşaqlara hüquqi yardım göstəriləcək
UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi Xətai “ASAN Xidmət” Mərkəzində qeyd olunub. APA TV-nin xəbərinə görə, tədbir Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Beynəlxalq Ekologiya Təşkilatının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə keçirilib. VXSİDA-nın rəhbəri İnam Kərimov deyib ki, “ASAN Xidmət” mərkəzlərinin göstərdiyi xidmətlərin bir qismi də uşaqların hüquqlarının müdafiəsi ilə bağlıdır. Xüsusilə uşaqların vətəndaşlıq vəziyyətləri barədə, yəni onların şəxsiyyətini təsdiq edən sənədlərin verilməsi, şəxsiyyət vəsiqəsi və pasportların verilməsi “ASAN Xidmət” mərkəzləri, eləcə də aidiyyəti dövlət qurumları tərəfindən təmin edilir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, IDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova çıxış edərək uşaqların müdafiəsi ilə bağlı layihələrin davam etdiriləcəyini bildiriblər.
Bildirilib ki, ASAN Xidmət mərkəzlərində 2014-cü ildən etibarən uşaqlara hüquqi yardım mərkəzləri fəaliyyət göstərəcək.
Tədbirdə xüsusi foto sərgi nümayiş etdirilib. Qeyri-adı formatda olan bu foto sərgi UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibətilə hazırlanıb və təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirir.