Ölən məktəblinin müəllimi: "Narahatlıq onun səhhətində olub"
Saatlı rayonunun Sarıcalar kəndində 8-ci sinif şagirdinin müəmmalı ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yəhya Eldar oğlu məktəbdə olarkən ikinci tənəffüs zamanı digər uşaqlarla birgə məktəbin həyətinə çıxıb və qəfildən halı pisləşərək yıxılıb.
Onun yıxıldığını isə ilk olaraq sinif yoldaşları görüb və müəllimlərə, eləcə də sinif rəhbəri Oruc Muradova məlumat verib. O.Muradovun sözlərinə görə, dərhal kənd məntəqəsinin həkiminə xəbər verilib:
"Kəndin həkiminin ardınca təcili tibbi yardım maşını gəldi və uşağı götürüb xəstəxanaya apardılar. Ondan sonra oradan uşağın ölüm xəbəri gəldi. Hadisə bir anda baş verdi".
14 yaşlı məktəblinin ölüm səbəbinə gəlincə, sinif rəhbəri bunu Yəhyanın səhhəti ilə əlaqələndirib. O hətta uşağın döyülməsi və ya başqası tərəfindən itələnərək yıxılması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib:
"Belə bir şey ola bilməz. Yəhya elə bir uşaq idi ki, onu əsəbiləşdirmək mümkün deyildi. O hamıya qarşı gülərüz, mehriban olub. Bir şey də deyim ki, Yəhya son vaxtlar çox arıqlamışdı. Mən bunu boy atması ilə əlaqələndirirdim. Ancaq bəlkə də onun daxilindən narahatlıq gedirmiş".
14 yaşlı Y.Ağayevin ölümünün dəqiq səbəbi hələ ki məlum deyil. Hazırda ekspert-istintaq qrupu tərəfindən baş vermiş bədbəxt hadisənin təfərrüatları araşdırılır.