Tramp qərarını açıqladı, neft 3 dollar bahalaşdı

Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxması dünya bazarında nefti bahalaşdırıb. APA TV-nin məlumatına görə, dünən axşam saatlarında ABŞ prezidenti Donald Trampın gözlənilən bəyanatı ərəfəsində "Brent" markalı neftin qiyməti 73,96 dollara enib. Bəyanatdan sonra isə qiymətlər təxminən 3 dollara yaxın bahalaşıb. Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 76,66 dollardan satılır. Qiymətlərin gün ərzində artacağı gözlənilir.

 

Qiymətlərin bahalaşmasına Amerika Neft İnstitutunun ölkənin neft ehtiyatlarının həcminə dair açıqladığı proqnoz xarakterli hesabat da təsir göstərib. Hesabatda ehtiyatlarının həcminin həftə ərzində 1,85 milyon barel azaldığı proqnozlaşdırılır. Ehtimalların özünü nə dərəcədə doğruldacağı bu axşam ABŞ Energetika Nazirliyinin rəsmi hesabatı açıqlandıqdan sonra məlum olacaq.

 

Donald Trampın bəyanatı və Amerika Neft İnstitutunun açıqladığı hesabat Qərbi Texas neftinin qiymətinə o qədər də təsir göstərməyib. Hazırda birjalarda WTİ markalı neftin bir bareli 70,66 dollardan təklif olunur ki, bu da dünənki qiymətdən cəmi 70 sent ucuzdur.

 

Birləşmiş Ştatların nüvə razılaşmasından çıxması qərarının neftin qiymətlərini kəskin bahalaşdıracağını düşünənlər isə yanılıblar. Bəyanatdan sonra qiymətlər iddia olunduğu kimi 80-85 dollara qalxmayıb. Bunun səbəbi belə izah olunur - son bir ayda birjalarda qiymətlər Ağ Evin gözlənilən qərarı qəbul edəcəyi ehtimalına görə formalaşıb. Qiymətlərin son dövrlər 75-76 dollar aralığında stabilləşməsi birja iştirakçılarının ABŞ-ın nüvə razılaşmasından çıxacağın ehtimalını yüksək dəyərləndirməsi ilə əlaqədar idi.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı