Kremldən sərt bəyanat: "Tramp İranla haqq-hesab çəkmək üçün bəhanə axtarır"

İranın nüvə proqramına dair birgə fəaliyyət planı Birləşmiş Ştatların şəxsi mülkiyyəti deyil. APA TV-nin məlumatına görə, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb. Rəsmi Moskva hesab edir ki, ABŞ nüvə sazişindən çıxmaqla konstruktiv mövqe nümayiş etdirmək bacarığına malik olmağını bir daha təsdiqləyib.

 

Bəyanatda bildirilir ki, ABŞ yenə də əksər dövlətlərin fikirləri ilə razılaşmayaraq sırf dar düşüncəli və konyuktur maraqlardan çıxış edib və Vaşinqtonun qlobal məsələlərə bu çərçivədən yanaşması ciddi narahatlıq doğurur.

 

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, İran birgə fəaliyyət planında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib və bu öhdəliklər qarşıya qoyulan məqsədlərə nail olmağa yetərlidir.

 

"ABŞ prezidentinin verdiyi qərar göstərir ki, İranın qanuni nüvə fəaliyyətinə qarşı iddialar bu ölkə ilə siyasi haqq-hesab çəkmək üçün bəhanədir" - deyə bəyanatda bildirilir.

 

Xatırladaq ki, nüvə razılaşmasında iştirak edən Fransa, Almaniya və Britaniyanın rəhbərləri də birgə bəyanat verərək ABŞ-ın qərarının məyusedici olduğunu bildiriblər. Hər üç ölkə qeyd edib ki, İranın nüvə proqramına dair birgə fəaliyyət planında iştiraklarını davam etdirəcəklər.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı