İlkər Başbuğ: "Azərbaycan mütləq Çinlə yaxşı münasibətlər qurmalıdır"
"Çin 15-20 il sonra ABŞ iqtisadiyyatına təhdid olacaq bir qüvvədir. İqtisadi olaraq çox böyük gücdür. Getdikcə də inkişaf edir. Dolayısı ilə Türkiyə-Çin əlaqələri fövqəladə önəmlidir. Çin böyük bir dövlətdir. Bütün ölkələrin, eləcə də Azərbaycanın Çinlə münasibətləri yaxşı olmalıdır". Bu fikirləri ötən həftə Bakıya səfər edən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ deyib.
General bildirib ki, Türkiyə Çinlə münasibətləri inkişaf etdirməyə məcburdur:
"Çin böyük bir divdir. Oyanıb və böyüyür. Onların ən böyük layihəsi "İpək yolu"dur. Layihə Azərbaycan ərazisindən də keçir. "İpək yolu" layihəsi Azərbaycan üçün həyati önəmli bir layihədir. Çin böyük bir ölkədir, söhbət 1 milyard 100 milyon insandan gedir. Birindən soruşdum ki, siz necə bu qədər ümidlisiniz, xoşbəxt görünürsünüz. Dedi ki, bu gün çətinliklərimiz var. İqtisadi, sosial və sair. Ancaq mən uşaqlarımın, nəvələrimin bizdən daha yaxşı gün görəcəyinə inanıram. İdarəçilik bunu verib. Dövlət bunu aşılayıb. Haradasa bir milyard insan inanır ki, onun uşaqlarının gələcəyi ondan yaxşı olacaq. Bu çox önəmlidir. Bu nöqtəni əldə etdinizsə, sonrası asandır".
İlkər Başbuğ deyib ki, sürətli inkişafa rəğmən Çin texnologiyalar sahəsində ABŞ-ı keçə bilməyəcək: "ABŞ-ın texnologiyasını da, texnoloji səviyyəsini də asanlıqla keçilə biləcəyini düşünməyin. Bu uzun müddət davam edəcək kimi görünür. Hazırda ABŞ-ın ən böyük gücü də texnologiyadakı qazandığı gücdür".
Ordu generalı Çin dənizi bölgəsində Pekinlə Vaşinqton arasında böyük rəqabətin getdiyini deyib:
"ABŞ dünya dövlətidir. Dünyadakı bütün bölgələri əlində saxlamaq istəyir. Bir bölgəni uduzarsa, hər yeri uduzar. Bu çox önəmlidir. Bu tərəfdən xüsusi ilə Çin dənizində Çinin regional güc olma imkanı var. Mən bunu Çində soruşdum. Çin dənizindəki problemlər nə olacaq? Müharibə olmazmı? Dedilər ki, biz o müharibəni orada dondurarıq, böyüməyə qoymarıq".