Parlamentin komitə sədri: "Ermənistanda hakimiyyət dəyişikliyi bu ölkəni xilas etməyəcək"
"Kimin seçilməsindən asılı olmayaraq, artıq Ermənistanda Azərbaycanın uzun müddət apardığı fəaliyyətin nəticəsində bu sözügedƏn ölkə iflic vəziyyətinə düşüb".
Bu açıqlamanı APA TV-yə Mİlli Məclisin komitə sədri Siyavuş Novruzov verib. Onun sözlərinə görə, ötən müddət Azərbaycan öz ordusunu, iqtisadiyyatını gücləndirib, Ermənistanda isə vəziyyət tam əksinədir.
"Artıq o sferalarda bu sistem darmadağın olub. Ermənistanda bu gün ayrı-ayrı qüvvələr dağınıq formadadır. Ermənistan heç vaxt müstəqil olmayıb. Ermənistanda seçim də xalqın seçimi deyil, müəyyən ölkələrin verdiyi qərar əsasında orada kimsə rəhbər vəzifəyə seçildi. Qərar olmayanda Ermənistan parlamenti heç cür yekdil rəy verə bilməz. Əgər xatırlayırsınızsa, 1999-cu ildə ermənilər qərar qəbul edəndə girib parlamenti güllə-boran etdilər".
Deputat hesab edir ki, Ermənistanda yerləşən qoşunlar və onların sərbəst toplaşmaq azadlığına müdaxiləsi də deyilənləri sübut edir.
Siyavuş Novruzov onu da qeyd edib ki, hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarı belə Ermənistan vermir.
"Mən də oxuyuram ki, kimsə hakimiyyətə gəldikdən sonra Ermənistanda münaqişə həll olunacaq. Birmənalı olaraq, bu olmayacaq. Çünki verilən qərar onlardan asılı deyil. Bununla vağlı qərar başqa yerdə verilir" .