Jurnalist, peşəkar, araşdırmaçı, dost... - Rauf Talışinski ilə vida mərasimi keçirilib
Təzəpir məscidində "Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, vida mərasimində mərhumun yaxınları ilə yanaşı tanınmış şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Rauf Talışinskinin vəfatı Azərbaycan jurnalistikası üçün ağır itkidir. O, mərhumu Azərbaycan jurnalistikasının formalaşmasında önəmli rol oynayan şəxslərdən biri adlandırıb.
"Rauf hər şeydən əvvəl bir jurnalist idi. O, peşəkar idi. Bütün məsələlərə peşəkarlıq mövqeyindən yanaşardı. İnsanlarla tanış olub olmamağından asılı olmayaraq, jurnalistlərin yazıları peşəkardırsa, o, onlara olduğu kimi qiymət verərdi".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rauf Talışinskinin xatirələrdə dəyərli jurnalist kimi qalacağını deyib:
"Onun xatirəsi hər bir kəsin qəlbində dəyərli jurnalist kimi qalacaq. O, fəaliyyəti dövründə jurnalistika prinsiplərinə daim əməl edib. Onun yaratdığı kollektiv isə onu heç zaman unutmayacaq".
"Trend" infoirmasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev mərhumun öz işləri ilə yadda qalan jurnalist olduğunu bildirib:
"Rauf müəllim həm yeniliyi, həm də Azərbaycan tarixini çox gözəl bilən araşdırmacı jurnalist idi. idi. O, həm Azərbaycan, həm də MDB məkanında jurnalistika, hətta SSRİ dövründə də öz işləri ilə yadda qalan bir mütəxəssis olub"
"Ayna" - "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı Rauf Talışinski ilə 15 il birlikdə işlədiklərini deyib:
"Biz Raufla 15 il birlikdə işləmişik. O olmasa idi, mən jurnalistikaya bu şəkildə yox, başqa cür gələcəkdim. Biz 20 yanvar hadisələrdən sonra isə bu şəkildə yox, başqa cür işləmək qərarına gəldik".
Vida mərasimindən sonra Rauf Talışinskinin cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.