Cəlilabad polisi 4,7 kq heroini satmaq istəyən rayon sakinini tutdu
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları 4 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan APA TV-nin cənub bürosuna verilən məlumata görə, mayın 7-də Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb.
Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş İ.Şirinov saxlanılarkən üzərindəki siqaret qutularının içərisindən ümumi çəkisi 77,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən 10 bükümdə ümumi çəkisi 4 kiloqram 668 qram narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.