Nazir balalarının evlərindən tapılan milyonlar - KORRUPSİYA QALMAQALI
Ərdoğan hökuməti nurçulara yaxın olan yüksək rütbəli polis və prokurorları sistemdən “təmizləməyə” başlayıb.
APA TV-nin xəbərinə görə, Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları əsasında aralarında 3 nazir övladının da olduğu bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş İstanbul baş prokurorunun birinci müavini Zəkəriyyə Öz cinayət işinin istintaqından kənarlaşdırılıb. Cinayət işinin dosyesi Zəkəriyyə Özdən alınıb. İstintaqa bundan sonra şəxsən İstanbul baş prokuroru Turan Çolakkadı nəzarət edəcək.
İstanbul Əmniyyət Müdirliyinin maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Toğrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıç, Terrorla mübarizə şöbəsinin müdiri Ömər Kösə və Asayiş şöbəsinin müdiri Ərsan Ərçıktı vəzifələrindən kənarlaşdırılıblar. Həm bu şəxslərin, həm də prokuror Zəkəriyyə Özün nurçulara yaxın olduqları bildirilir. Hökumət son həbslərdə məhz nurçu polis və prokurorları günahlandırır.
Əməliyyatın bəzi detalları açıqlanıb. İstintaqı aparan 3 prokuror İstanbul baş prokuroruna xəbər vermədən əməliyyata başlamaq qərarı verib. Baş nazir Rəcəb Tayyip Ərdoğanın da əməliyyatdan həbslər başlanandan sonra xəbər tutduğu qeyd edilir. İstanbul baş prokuroru Turan Çolakkadı isə əməliyyatın özünün rəhbərliyi altında həyata keçirildiyini bildirmişdi.
Bu əməliyyatın başlanmasına azərbaycanlı iş adamı Rza Zərrabın sürücüsünün bir il əvvəl paylaşdığı fotonun səbəb olduğu qeyd olunur. Turqut Happani ötən il 14 nəfərlə birgə həbs edilib, sonra sərbəst buraxılmışdı. Onun Rusiyaya 180 milyon dolların çamadanlarla daşınmasında sürücü kimi iştirak etdiyi bildirilirdi. Turqut Happani həmin pullarla şəkil çəkdirərək Facebook-da paylaşmışdı. Polisin bu şəkillərin izinə düşərək araşdırma apardığı bildirilir.
Şübhəli şəxs sayılan Xalq Bankın İdarə Heyətinin sədri Süleyman Aslanın evində aparılan araşdırma nəticəsində 4.5 milyon dollar tapılıb. Süleyman Aslanla birgə həyat yoldaşının da saxlanıldığı bildirilir.
Daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evindəki axtarışın fotoları yayılıb. Onun evindən külli miqdarda pul, pul saymaq üçün aparat və digər əşyalar tapılıb.
Əməliyyatın məhz dekabrın 17-də keçirilməsinə gəlincə, məlum olub ki, şübhəlilər artıq dəlilərin yox edilməsinə başlayıblarmış.