Azərbaycan Xəzər dənizinə yeni gəmi buraxdı
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, aprelin 30-da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gəmiyə baxış keçirib.
Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu tədbirin Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycan sərhəd mühafizəsi strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə təsadüf etməsi bu günü daha da əlamətdar edir.
Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.