İsmayıllıda yırtıcı heyvan balaları tapıldı - EV QUŞLARININ BAŞINI QOPARIRLAR
İsmayıllı rayonunun Aşıqbayramlı kəndində yırtıcı heyvanlar tapılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon sakini Ramiz Fətəliyev həyətindəki tövlənin damında nadir rast gəlinən yenot balaları aşkarlayıb.
Ev sahibi tövlənin damındakı köhnə ot bağlamalarının altından qəribə səslər eşidib və orada axtarış apararkən 4 ədəd yırtıcı heyvan balası tapıb. Ramiz Fətəliyev onları ehtiyatla götürərək dəmir qəfəsə salıb. O, hazırda özünün ev quşlarına ziyan vuran bu yenot balalarının anasını axtarır.
Ramiz Fətəliyev bala yenotları bəsləmək istəyən şəxslərə və ya heyvanat parkına vermək istədiyini bildirib. Bu yırtıcı heyvanların anası indiyədək ev sahibinin 100-ə yaxın toyuq və cücəsini tələf edib. Bu yırtıcılar gecə saatlarında toyuq hininə hücum çəkib, ev quşlarının başını qopararaq qanını içir, onların qalan hissəsini yemədən gedirlər.
Ramiz Fətəliyev ilk dəfədir ki, həyətində bu cür yırtıcı heyvana rast gəldiyini və buna görə çox narahat olduğunu bildirib. O, əsasən azyaşlı uşaqlarına və ev quşlarına ziyan dəyə biləcəyindən ehtiyat edir.