ABŞ 6 ölkəyə sanksiyalar tətbiq etdi - SİYAHIDA TÜRKİYƏ DƏ VAR

ABŞ Rusiya, İran, Şimali Koreya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanına aid müdafiə sənayesi müəssisələrini kütləvi qırğın silahları yaymaqda ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, siyahı ABŞ Dövlət Departameninin Federal Reyestrində yerləşdirilib. Siyahıda adı çəkilən ölkələrə məxsus 28 şirkət və fiziki şəxsin adları yer alıb.

 

Məhdudiyyətlərə  ABŞ-ın dövlət strukturları tərəfindən bu ölkələrə aid məhsul və xidmətlərin əldə olunması, onlara silah və hərbi texnika satışı, ABŞ tərəfindən həmin ölkələrin dövlət qurumları və şirkətlərinə idxal nəzarətinə daxil olan məhsulların alışına dair lisenziyaların verilməsi, habelə bu ölkələrə istənilən yardımların göstərilməsi daxildir.

 

Sanksiyaların Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutu, Cihazqayırma bürosu, 183-cü Qvardiya zenit-raket alayı, "BARL" Elmi-İstehsalat Konserni, Baş Qərargah Baş İdarəsini əhatə edəcəyi bildirilib.

 

Vaşinqton adı çəkilən qurumları  İran, Suriya və Şimali Koreyaya qanadlı və ballistik raketlərin istehsalında dəstək göstərməkdə ittiham edərək bu addımı atıb. 

 

Açıqlanan siyahıda Livanın "Hizbullah" qruplaşması, Suriya Hərbi Hava Qüvvələri, İran İnqilab Keşikçiləri Korpusu, aviasiya və müdafiə sahələrinə aid İran şirkətlərinin də adları var.

 

Sənəddə ABŞ-ın heç bir halda həmin qurumlarla əməkdaşlıq edə bilməyəcəyi açıq şəkildə göstərilib.

 

Bu arada Ağ Ev sözçüsü Sara Sanders prezident Donald Trampın da bir qədər əvvəl bəyan etdiyi kimi gələn həftədən başlayaraq ölkəsinin İrana yeni və daha sərt sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, bir qədər əvəl Konqres Donald Trampa milli təhlükəsizliyə təhdid yaradacaq şəxslərə sanksiya tətbiq edilməsi səlahiyyəti verilməsini təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv