DİN-də Heydər Əliyevin 95 illiyi qeyd olunub

Daxili İşlər Nazirliyində Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, gənc əməkdaşların iştirakı ilə keçirilən tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev çıxış edərək, ulu öndərin bütövlükdə Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.

 

Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.

 

Sonda tədbir iştirakçıları ulu öndərin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Müəllif | Apa.Tv
Leyla Behbudlu