Prezident və ailə üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.
APA TV xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə üstünlük verilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.
Ulu öndər Heydər Əliyevin doğum günündə Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkilib.
Dövlət başçısı və birinci xanım ağacəkmə aksiyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.