Zahid Oruc: "Mənim aləmimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevdir"

Milli Məclisdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib.

 

APA TV-nin məlumatına görə, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışıb.

 

Deputat Zahid Oruc Azərbaycan xalqının xilaskarı adlandırdığı Heydər Əliyevin tarixdə yerini aldığını bildirib. O qeyd edib ki, Meksikada Heydər Əliyevin bir heykəlini götürüblər. Ancaq Heydər Əliyevin gücü heykəllərdə deyil: “Bir heykəl belə olmasa, Heydər Əliyevin ürəklərdə ucalan heykəli hər zaman qalacaq. Nə zamansa hakimiyyətdə Əliyev soyadlı şəxs olmasa belə, Heydər Əliyev kursu hər zaman hakimiyyətdə olacaq. Prezident İlham Əliyev 1990-cı illərdəki çağırışlardan da ağır çağırışlarla üzləşib, bu çətinlikləri uğurla aşıb. Mənim aləmimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevdir”.

 

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Heydər Əliyevin böyük ədib Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtməklə Azərbaycan insanının qürurunu özünə qaytardığını söyləyib.

 

Deputat Aqiyə Naxçıvanlı Heydər Əliyevin müasir Azərbaycanın ideoloji əsaslarını yaratdığını deyib.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyevin böyük azərbaycanlı olduğunu vurğulayıb: “Heydər Əliyev heç vaxt ədalətsizliyə yol verməyib. Təki bugünkü çıxışların bir-ikisi 1990-cı illərində əvvəlində bir qəzetdə işıq üzü görəydi, Heydər Əliyev də bunu görəydi. Heydər Əliyevi yandıran o idi ki, vaxtilə çörək verdiyi insanlar bu parlamentdə onun üzünə dururdular”.

 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib: “Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb.

 

İclas çıxışlarla davam edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı