Xələf Xələfov: "Paşinyan beynəlxalq hüququ pozub"
"Dağlıq Qarabağın ayrıca bir tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi təklifi nonsensdir". APA TV-nin məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, Azərbaycan ərazi heç bir halda danışıqlar mövzusu deyil: "Burada ilk növbədə işğal olunmuş ərazilərin birinci mərhələdə azad olunması və ondan sonra Azərbaycan ərazisində, Dağlıq Qarabağ regionunda yaşayan erməni milli azlığının statusu məsələsinə baxıla bilər".
Xələf Xələfov həmçinin Ermənistanın yeni baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə səfəri və orada səsləndirdiyi militarist bəyanatlara da münasibət açıqlayıb: "Belə bəyanatlar danışıqlar prosesinin irəli aparılmasına xidmət edə bilməz. Onun elə Qarabağa səfər etməsinin özü beynəlxalq hüququn pozulması deməkdir. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür həyasızcasına gəlməsi və bu cür bəyanatlar verməsinin özü danışıqlar prosesinin prinsiplərinə uyğun deyil".
Xələf Xələfov vurğulayıb ki, danışıqlarda Azərbaycan və Ermənistan tərəf, ATƏT-in Minsk qrupuna üzv dövlətlər isə vasitəçi kimi iştirak edir və dialoq məhz bu formatda davam etdirilməlidir.