Kirayədə qaldığı evlərdən oğurluq etdi
Tovuz polisi bir neçə rayonda silsilə oğurluq edən şəxsi zərərsizləşdirib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonlara gedərək kirayələmək adı ilə evlərə girib, mənzillərdən noutbuklar, mobil telefonlar, bahalı zinət əşyaları, eləcə də pul götürən Beyləqan sakini Seymur Mustafayevin əməlləri ifşa olunub.
Beyləqan rayonunun Örənqala qəsəbə sakini 37 yaşlı Seymur Mustafayev ötən ilin oktyabr ayında başqa adla Tovuzda kirayədə qaldığı iki evdən noutbuklar, mobil telefonlar, zinət əşyası və xeyli miqdarda pul götürərək rayondan uzaqlaşıb. Rayon polisi zərərçəkənlərin şikayəti əsasında həmin şəxsin axtarışlarına başlayıb. Araşdırmaların nəticəsi olaraq Seymur Mustafayev şübhəli qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq zamanı məlum olub ki, Seymur Mustafayev eyni əməlləri Balakən və Oğuz rayonlarında da törədib. Həmin rayonlarda da oxşar əşyaları və xeyli məbləğdə pulu kirayədə qaldığı mənzillərdən oğurlayaraq oranı tərk edib.
Seymur Mustafayev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, dələduzluq maddəsi ilə 6 il azadlıqdan məhrum olunub. Hazırda Beyləqan sakininin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.