FHN-də Heydər Əliyevin 95 illiyi qeyd olunub

Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

 

APA TV-nin xəbərinə görə, nazirliyin kollektivi Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri qoyub.

 

Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən mərasim Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ümummilli lider Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışaraq qeyd edib ki, məhz onun sayəsində Azərbaycan regionun iqtisadi cəhətdən qüdrətli dövlətinə, beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilib.

 

Ulu öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam“ sözlərini xatırladan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının ümummilli liderin şah əsəri olduğunu deyərək bildirib ki, Azərbaycanda dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlər Heydər Əliyevin müdrik siyasi kursunun davam etdirilməsi nəticəsində əldə olunub. O, prezident İlham Əliyevin sözügedən xəttin alternativsiz davamçısı olduğunu nəzərə çatdırıb.

 

Kəmaləddin Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin yaradılması da ulu öndərin ideyası olub və 2005-ci ildə prezident İlham Əliyev bu ideyanı yüksək səviyyədə gerçəkləşdirərək mükəmməl hüquqi-normativ bazaya malik, maddi-texniki avadanlıqlarla təchiz olunmuş, müasir standartlara uyğun qurum yaradıb.

 

Fövqəladə hallar naziri bu gün böyük tarixi şəxsiyyətin irsini yaşadıb təbliğ edərək bütün dünyaya tanıdan Heydər Əliyev Fondunun və onun rəhbəri Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərindən danışıb.

 

Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli məhz dahi rəhbərin uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu, iqtisadi uğurların əldə edildiyini söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv