İntihar etdiyi deyilən Oğuz sakininin ölümü yenidən araşdırılır - BAŞ PROKURORUN TAPŞIRIĞI
Respublikanın baş prokuroru Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.
APA TV-nin məlumatına görə, yanvarın 28-də saat 20:00 radələrində Oğuz rayonunun Bayan kənd sakini, iki övlad anası olan 1991-ci il təvəllüdlü Mikayılova Qəribə Allahverdi qızının meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qəribə Mikayılovanın atası Allahverdi kişi qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Respublika Baş Prokurorluğuna müraciət ünvanlayıb.
Oğuz rayon Prokurorluğundan APA TV-yə bildirilib ki, baş prokuror müraciətin dərhal araşdırılması barədə tapşırıq verib. Həmin tapşırıq əsasında prokurorluq əməkdaşları məhkəmənin müvafiq qərarı əsasında məhkəmə tibb ekspertinin və qohumların iştirakı ilə Q.Mikayılovanın qəbri açılıb və meyitdən nümunələr götürülüb.
İş üzrə təyin edilmiş ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.