İrana qarşı sanksiyalar, Venesuelada hasilatın zəifləməsi - NEFT REKORDLARI YENİLƏDİ
Birjalarda neftin qiymətində növbəti illik rekord qeydə alınıb. APA TV-nin məlumatına görə, gecə seanslarında “Brent” neftinin bir bareli 77,97 dollardan satılıb ki, bu da son 52 həftədə qeydə alınan ən yüksək qiymətdir.
Qərbi Texas neftinin qiymətində də yüksəlmə nəzərə çarpır. Birjalarda WTİ markalı neftin bir bareli 71,66 dollardan təklif olunur. Bu illik ən yüksək göstəricidən cəmi 22 sent aşağıdır.
Neftin bahalaşmasına əsasən üç amil təsir göstərib. ABŞ Energetika Nazirliyinin rəsmi hesabatına əsasən, ölkənin kommersiya neft ehtiyatlarının həcmi ötən həftə 2,2 milyon barel azalıb ki, bu da proqnozlardan 200 min barel çoxdur. Hazırda ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 433,8 milyon barel təşkil edir.
ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi və Venesuelada hasilat səviyyəsinin azalması da neftin bahalaşmasını təmin edir. “Bank of America”nın aparıcı analitikləri bu səbəblərdən gələn il neftin bir barelinin 100 dollara kimi bahalaşacağını istisna etmirlər.