Astara və Biləsuvar sərhəd-buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçdi
Astara dövlət sərhəd-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.
APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə Astara Gömrük İdarəsində Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib.
Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin Gömrük nəzarəti baş idarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak ediblər. Müzakirələrdən sonra Astara sərhəd-buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçməsi ilə əlaqədar iki ölkənin sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb.
DSX Aparatının rəhbəri Elçin İbrahimov bildirib ki, bu hadisə birmənalı olaraq vətəndaşların gediş-gəlişinin asanlaşdırılmasına xidmət edir.
Astara sərhəd buraxılış məntəqəsi ilə yanaşı, Biləsuvar sərhəd buraxılış məntəqəsi də 24 saatlıq iş rejiminə keçib. Bu münasibətlə Biləsuvar Gömrük İdarəsində də Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib və görüşün sonunda müvafiq protokol imzalanıb.
DSX nümayəndəsi Abas Xəlilovun sözlərinə görə, bu da vətəndaşların sürətli keçidinin təmin olunmasının, yüklərin dövriyyəsində ləngimələrin qarşısının alınması, əmtəə dövriyyəsinin artırılması üçün öz töhfəsini verəcək.
Sərhəd-buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi yerli sakinlərin də ürəyincə olub:
Bununla əlaqədar müvafiq hazırlıq işləri görülüb. Bu isə iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcək.