“Sevdiyim” üçrəngli bayraq - TƏQDİMAT
Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycan prezidentinin köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, "ASAN Xidmət"in sədri Ülvi Mehdiyev, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ailə üzvləri və başqa şəxslər iştirak ediblər.
Fuad Ələsgərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiqlənib: "Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süqut etdi. Düz 70 il sonra Azərbaycan müstəqilliyinə qovuşdu. 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul olundu. Heydər Əliyev Azərbaycan bayrağına hər zaman dəyər verib. Azərbaycan bayrağı Xankəndində, Şuşada da dalğalanacaq. O gün uzaqda deyil".
Mədəniyyət naziri Əbülfəz Qarayev Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolundan danışıb.
Nazir Azad Rəhimov deyib ki, Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edib: "Ümummilli liderin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi daimi əbədi, və sarsılmaz olub".
”ASAN Xidmət”in sədri Ülvi Mehdiyev Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutduğunu söyləyib: "Həm cümhuriyyətin 100 illiyi, həm ulu öndərin anadan olmasının 95 illiyi Azərbaycanın tarixində çox önəmli yubileylərdir. Onları birləşdirən çox nüanslar var, burada ən rəmzi nüans bayraqdır".
Çıxışlardan sonra Cəfər Cabbarlının Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında hazırlanmış və Azərbaycanın 100 illik tarixinin əks olunduğu klip təqdim olunub.
Əməkdar artist Tünzalə Ağayeva layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə “ASAN Xidmət”ə təşəkkür edib: "İlk olaraq "ASAN Xidmət"ə təşəkkür edirəm. Bir neçə il öncə Cəfər Cabbarlının "Sevdiyim" şeirinə maraqlı bir əsər yazdım. Bu şeir 1919-cu ildə Cəfər Cabbarlı tərəfindən çox gənc yaşında yazılıb və nə gözəl ki, bu günə kimi qorunub çatıb. Orada elə bir bayraq eşqi vəsf olunub ki, buna duyğusal münasibət göstərməmək mümkün deyil".
Qeyd edək ki, əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.