Umayra Tağıyeva: "Şadlıq evlərindən yayılan tüstüdə zərərli maddələr var"
“Sənaye sahələrinin inkişaf etməsi ilə atmosferə atılan tullantıların kütləsi artır və ətraf mühit müxtəlif zərərli təsirlərə məruz qalır”.
APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin mütəxəssisi Mirsalam Qəmbərov deyib ki, aparılan monitorinq nəticəsində Bakının dörd nöqtəsində atmosfer havasında zərərli maddələrin normadan dəfələrlə çox olduğu aşkarlanıb: “Ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib ki, bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq olunub. Qoxu şəhərin dörd yerində daha kəskin yayılıb. Bu, bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir”.
Mətbuat konfransında bildirilib ki, işçi qrupu tərəfindən təhlillər davam etdirilir, pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyan hesablanır, yaxın günlərdə bununla bağlı açıqlama veriləcək.
ETSN-in Ekoloji təbliğat şöbəsinin sektor müdiri Umayra Tağıyevanın sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evləri və digər ictimai-iaşə obyektlərindən ətrafa yayılan tüstünün tərkibində zərərli maddələr var: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iaşə obyektləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Əhalinin bir hissəsinin maraqları digər hissəsinin hüququnu pozmamalıdır. Yayılan tüstünün tərkibində zərərli maddələr var. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır”.
Nazirlik bildirir ki, qanunvericiliyin tələblərini pozan sahibkarlar 10 min manatdan 45 min manatadək məbləğdə cərimə oluna bilərlər.