Bakıda polis rəisi məktəbli qızlara səsləndi: "Etiraz edin, qorxmayın!"

Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə 100-dən çox müəllim və şagird, Sabunçu RPİ-nin zabit heyəti, Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib.

 

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.

 

Çıxış edənlər bildirib ki, son illərdə qadınlar və uşaqlar arasında narkomaniya genişlənir. Narkotik maddə aludəçisi olan bir şəxs qısa müddətdə 20-25 nəfəri narkomaniyaya cəlb edə bilər. Buna görə ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları narkomaniya əleyhinə maarifləndirmə aparılmasına çalışır.

 

Tədbirdə çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov ölkədə baş verən cinayətlərin əsas hissəsinin narkotik maddələrin istifadəçiləri və sərxoşlar tərəfindən törədildiyini bildirib: "Baş verən cinayətlərin 75-80 faizi narKotik və sərxoşluq zəminində törədilir ki, bunlar da əsasən ağır və xüsusilə ağır cinayətlərdir. Ölüm, ölümə cəhd, quldurluq, soyğunçuluq, mənzil oğurluqları. Bunların əksəriyyəti narkomanlar tərəfindən törədilir".

 

Polis rəisi erkən nikahların da narkomaniya kimi cinayət olduğunu deyib: "Narkomaniya gizli xarakter daşıyan bir cinayət formasıdır. Təəssüflər olsun ki, erkən nikah valideynlərimizin şüurlu sürətdə törətdiyi cinayət əməlidir. Bir gəncin, kiçicik bir qız uşağının nə istəyinə, nə gələcək arzularına baxmadan onu özündən 10-15, bəzən 20 yaş böyüklərə ərə vermək və dəbdəbə ilə toy etmək... Etiraz edin qızlar, oxuyun, təhsil alın! Qorxmayın! Sizin arxanızda dövlət var. Bu məsələlərdə biləsiniz, həm Daxili İşlər Nazirliyi, həm yuxarı instansiyalar sizi daima müdafiə etməyə hazırdır. Yetər ki, etiraz səsinizi çıxarın".

 

Görüş daha sonra diskussiya şəklində sona çatıb.

Müəllif | Apa.Tv
Apa.tv