Neft yenidən ucuzlaşdı
“Brent” neftinin bir bareli son 52 həftənin ən yüksək qiymətinə satıldıqdan sonra yenidən ucuzlaşıb.
APA TV-nin məlumatına görə, bu markadan olan neft 1 dollar dəyər itirərək, 76,99 dollardan satılır.
Qərbi Texas nefti də sutka ərzində ciddi ucuzlaşıb. WTİ markalı neftin bir bareli 70,52 dollardan satılır.
Neft mütəxəssisləri ABŞ-ın nüvə razılaşmasından çıxmasının neft bazarına pis təsir edəcəyini bildirir. Düzdür, razılaşmadan çıxma barədə açıqlama veriləndə bazar buna ciddi reaksiya vermədi. Ancaq bu vəziyyət asanlıqla dəyişə bilər. Vəziyyət ABŞ-ın İrana sanksiyaları necə tətbiq edəcəyindən asılıdır.
İran dünyada gündəlik olaraq çıxarılan 98 milyon barel neftin 3,8 milyon barelini istehsal edir. Sanksiyalar çərçivəsində İranla əməkdaşlıq edən bank və digər şirkətlərdən ixracat və məhsul səviyyəsini ən az 10-15 faiz azaltmağın tələb olunacağı bildirilir.
Digər tərəfdən, İranın neft ixracının 40 faizini həyata keçirən Çin və Hindistanın sanksiyalara uymayacağı, əksinə, idxalatı artıracağı da qeyd olunur.