Lənkəranda yeni sitrus bağı salınır

Lənkəranda xaricdən gətirilmiş sitrus tingləri ilə yeni bağ salınır. Bu da gələcəkdə yüksək məhsuldarlıq əldə etməyə hesablanıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, ağac tinglərinin əkin mövsümü olduğundan, yeni sitrus bağları salan fermerlər artıq iş başına keçib.

 

Rayonun Separadi kəndində salına yeni sitrus bağlarında Türkiyədən gətirilmiş 77 min limon və naringi ağacları əkiləcək. 150 hektar sahədə əkilməsi nəzərdə tutulan bağda becəriləcək ağaclar məhsuldarlığı ilə seçilir. Fermer Azər Qurbanov deyir ki, bu amil gələcəkdə daha yaxşı gəlir əldə etməyə şərait yaradacaq: "İndi əkdiyimiz 100 hektardır, biz bunu 150 hektara çatdırarıq. Ümumilikdə planımızda 500 hektara çatdırmaqdır".

 

Yeni sitrus bağının salınması işində 100-ə yaxın işçi çalışır. Sahənin damcı üsulu ilə suvarılması nəzərdə tutulub. Bağda ağaclara düzgün aqrotexniki qulluq da əsas şərt hesab olunur. Ümumilikdə isə görüləcək işlərin çox hissəsinin texnika ilə aparılması planlaşdırılır: "4-5 ilə normal məhsuldarlıq verir. Şaxta ilə bağlı xüsusi aqreqatlar var, onları quraşdıracağıq. O, bizə nəticə verəcək. Texnikamız lazımı qədər var".

 

Gələcəkdə yerli bazar məhsulla tam təmin olunandan sonra Rusiya bazarlarına da sitrus meyvələrinin ixracı planlaşdırılır. Əkin işləri may ayının sonunda yekunlaşacaq.

Müəllif | Apa.Tv
Apa.tv