Zaqatala su altında: işıq kəsildi, ev heyvanlarını sel apardı

Zaqatalada küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, mayın 11-i günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın hərarəti ötən günlə müqayisədə 13 dərəcə aşağı düşüb.

 

Zaqatala rayonuna fasilələrlə küləklə müşahidə edilən leysan yağışları yağıb. Külək nəticəsində Zaqatala şəhərinə yaxın kəndlərin inzibati ərazisində bir sıra yerlərdə ağac budaqları və elektrik naqilləri qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik Şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Günün sonunadək elektrik enerjisinin tam verilməsi bərpa ediləcək.

 

Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb. Rayonun ən böyük çayı Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində çayın Göyəm kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsində kənd sakini Famil Əmrah oğlu Ramazanovun idarə etdiyi qoşqulu traktor çayda qalıb. Sürücü və traktorun qoşqusunda olan üç nəfər Göyəm kənd sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çaydan çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar. Tala çayının sağ sahilində yerləşən Yolayrıc, Höytala, Böhtala kəndlərində ümumilikdə 100-dən yuxarı həyətyanı sahəni su basıb, 20-yə qədər evin birinci mərtəbəsi su altında qalıb, ev quşları arasında tələfat var, bir neçə sakinin xırda buynuzlu heyvanını su aparıb, meyvə və tərəvəz  bağlarına ziyan dəyib, əkin sahələri su altında qalıb, Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-ci illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.

 

Gecə saatlarından başlayaraq Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və müvafiq qurumların əməkdaşları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv