AzKİL layihəsinin nəticələri təqdim edildi - 140.9 MİLYON DOLLAR
İsmayıllı şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) nəticələri təqdim edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə kənd investisiya layihələrinin həyata keçirildiyi icmalar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsullarına və əl işlərinə baxış keçiriblər.
Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirilib ki, ən iri və ən uzunömürlü layihələrdən hesab olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində indiyədək ölkə üzrə 2121 icma əsaslı sosial və iqtisadi infrastruktur yönümlü layihə icra olunub. Ölkəmizin regionlarının inkişafı üçün çox əhəmiyyətli hesab olunan bu layihələrin icrasına ümumilikdə 140.9 milyon dollar vəsait xərclənib. Layihələr 3.6 milyon nəfərədək kənd əhalisinin həyatını, sosial rifahını yaxşılaşdırmağa xidmət edib ki, bu da ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir.
Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində bu günə qədər təkcə İsmayıllıda 48 mikro-layihə, o cümlədən 28 kənddaxili yolların bərpası, 16 içməli su çəkilişi, 2 gəlir gətirən layihə (inkubator cücə müəssisəsi və icma sərgi satış mərkəzi), eləcə də 2 icmada abadlıq layihələri uğurla həyata keçirilib.
Regionlardan 150-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda infrastruktur, gəlir gətirən və ictimai inkişaf layihələrinin rəhbərləri 3 paneldə öz işlərini təqdim edərək, təcrübələrini paylaşıblar.
Sonra tədbir iştirakçıları İsmayıllı rayonunda həyata keçirilmiş bəzi icma əsaslı layihələrlə tanışlıq məqsədilə Sumağallı kəndinə və Lahıc qəsəbəsinə səfər ediblər.