Sinif yoldaşını və qonşusunu bıçaqla qətlə yetirdi - SABİRABADDA DƏHŞƏT

Sabirabad sakini iki həmyerlisini bıçaqla qətlə yetirib.

 
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, bu gün səhər saat 11.00 radələrində Sabirabad sakini, 1976-cı il təvəllüdlü Firqət Əliabbas oğlu Əliyev sinif yoldaşını və qohumunu bıçaqla qətlə yetirib.

 

Əvvəlcə Saatlının Sarıcalar kəndində yerləşən dəmir yolu stansiyasına gələn F.Əliyev orada mühafizəçi işləyən 1976-cı il təvəllüdlü Kamran Etimad oğlunu Yaqubov, daha sonra isə pambıq emalı zavodunda mühafizəçi işləyən 1972-ci il təvəllüdlü Teymur Əlihüseyn oğlu Sadıqovu evinin qarşısında bıçaqlayaraq qətlə yetirib. 

 

Qətli törətdikdən sonra Firqət Əliyev özü Sabirabad polisinə gedərək təslim olub. Hər iki şəxs aldıqları çoxsaylı bıçaq xəsarətləri səbəbindən hadisə yerində ölüblər.


Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

 

Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri var. Hadisənin hələlik hansı səbəbdən törədildiyi istintaq tərəfindən aydınlaşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv