Dəmir yolundan oğlanları ilə birlikdə oğurluq etdi

Oğlanları ilə birlikdə oğurluq edən Ucar sakini saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Ucar rayon sakini Etibar Hüseynov oğlanları ilə birlikdə Yevlaxdan Ucara qədər bir neçə dəmir yolu stansiyasında quraşdırılan işıqforların drosser transformatorlarının mis hissələrini kəsib götürüblər.

 

Hesablamalara görə, ümumilikdə dəmiryol infrastrukturuna 26 min manat ziyan vurulub. Ata və oğlanları əldə edilən qənimətləri özlərinə məxsus avtomobillə apararaq Ucar rayonunda satmağa nail olsalar da, növbəti qarət zamanı polisdən yayına bilməyiblər. Yevlax xətt polisinin keçirdiyi əməliyyat zamanı Etibar Hüseynov ələ keçsə də, oğlanları hadisə yerindən qaçıb.

 

Saxlanılan 48 yaşlı Etibar Hüseynov əməlini etiraf edərək, əldə etdikləri mis naqillərin bir qismini satdıqlarını bildirib. O, qənimətləri müəyyən etmək üçün maqnitdən istifadə etdiklərini deyib. Yüksək gərginlik altında özünü və qatarda hərəkət edən insanları təhlükəyə ataraq törədiyi əməldən peşmançılıq hissi keçirdiyini də gizlətməyib.

 

Faktla bağlı araşdırma aparılır. Oğurluğu törədən daha iki nəfərin axtarışları isə davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv