Narkotik əməliyyatları qarşılıqlı etirazlara səbəb oldu - TBİLİSİDƏ AKSİYA GƏRGİNLİYİ
Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Narkotiklərə yox!” şüarı altında aksiya keçirilib. APA TV-nin Gürcüstan bürosunun məlumatına əsasən, aksiya Tbilisidə narkotik alverçilərinin saxlanılması ilə bağlı keçirilən etiraz aksiyalarına qarşı təşkil olunub.
Aksiya iştirakçıları ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni dəstəklədiklərini bildirib. Onlar narkotik alverçilərinin müəyyən olunaraq cəzalandırılmasını tələb edib. Hərəkat üzvlərinin bir qrupu polis cərgəsini yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb. Polis bir neçə hərəkat üzvünü saxlayıb.
Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışıb. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib. Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə gəlib. Nazir cümə günü gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyanın təşkilatçıları olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüş keçirib. G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib. G.Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib.
Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya artıq başa çatıb. Aksiyanın təşkilatçıları aksiyaya bir həftəlik fasilə verildiyini deyib.
Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq Tbilisidə parlament binası qarşısında aksiya keçirilib.