Ərəb nazirin bəyanatı, ABŞ-da yeni rekord, İrana qarşı təzyiqlər - NEFT BAZARINDA VƏZİYYƏT
Neft həftənin ilk seanslarında dəyər itirib.
APA TV-nin məlumatına görə, qiymətlərin ucuzlaşmasının müxtəlif səbəbləri var.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji naziri Suhail Əl Mazroueyi ABŞ-ın İrana yeni sanksiyaları tətbiq edəcəyi halda OPEC-in bazarda yarana biləcək boşluğu dolduracaq gücdə olduğunu açıqlayıb.
O, kartel üzvü olan Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-nin bununla əlaqədar üzərinə düşəcək vəzifələri yerinə yetirəcəyini deyib.
Ucuzlaşmaya digər səbəb ABŞ-da fəal neft quyularının sayının artmasıdır. Qaya nefti çıxarılan quyuların sayı 2015-ci ilin martından bu yana ən yüksək səviyyəyə çatıb.
Qiymətlərin 70 dolların üzərində olmasına səbəblər isə ABŞ-ın İranla imzalanmış nüvə razılaşmasından çıxması, bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi, Yaxın Şərqdə gərginliyin daha da artmasıdır. Bazarın diqqəti qeyd olunan problemlərin fonunda OPEC-in istehsalın azaldılması razılaşmasının vaxtını uzadıb-uzatmayacağına yönəlib.
Hazırda birjalarda "Brent" markalı neft 76,72 dollardan, Qərbi Texas nefti isə 70,47 dollardan satılır.