Paşinyan Rusiyaya getdi - PUTİNLƏ GÖRÜŞƏCƏK

"Yaxın vaxtlarda hökumət vacib islahatlar həyata keçirəcək". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.

 

O bildirib ki, hökumətin  əsas siyasi prioriteti ölkəni növbədənkənar parlament seçkilərinə hazırlamaq və bu seçkilərdə ciddi nəticələrə nail olmaqdan ibarətdir.

 

Baş nazir hökumət üzvlərinə qısa zamanda müvafiq sahələrdə inkişaf proqramları hazırlamağı da tapşırıb.

 

N.Paşinyan həmçinin Mqer Qriqoryanı özünün birinci müavini təyin edib.

 

Yeri gəlmişkən, Ermənistanın baş naziri Avrasiya İttifaqının Sammitində iştirak etmək üçün mayın 13-də Soçiyə gedib. Buradakı erməni icmasının üzvləri ilə görüşdə Nikol Paşinyan onları ölkəsinə sərmayə qoymağa çağırıb.

 

Ermənistan-Rusiya münasibətlərindən danışan baş nazir bildirib ki, bundan sonra ölkələrarası birgə tərəfdaşlıq daha da genişlənəcək.

 

Qeyd edək ki, N.Paşinyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv