DGK-da ictimai dinləmələr keçirilib
"Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirə keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant Rza Həsənəliyev çıxış edib.
O, gömrük sahəsində görülən işlər və gələcək fəaliyyətləri barədə məlumat verib və məmur-vətəndaş münasibətlərinin minimuma endiriləcəyini, kadrların maarifləndirilməsi məqsədilə fəaliyyətlərinin davam etdiyini vurğulayıb.
Daha sonra çıxış edən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Dövlət Gömrük Komitəsinin Azərbaycanın vizit kartı olduğunu və onun fəaliyyətində şəffaflığın təmin olunmasının labüdlüyünün vacib olduğunu diqqətə çatdırıb.
Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə hesabat verən DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Fuad Qasımov ötən il ərzində daxil olmuş müraciətlər əsasında xidməti pozuntulara yol verdiklərinə görə 209 gömrük orqanı əməkdaşının intizama cəlb edildiyini və onlar arasında 10 nəfərin gömrük orqanlarından xaric edildiyini, 2 nəfərin isə tutduğu vəzifədən azad edildiyini diqqətə çatdırıb.
Tədbirin davamında DGK-nın fəaliyyəti barədə hesabatlar dinlənilib və müzakirələr aparılıb.