Paşinyan Putinlə görüşdü - AÇIQLAMALAR
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə bir araya gəliblər.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, görüşdə Kreml rəhbəri ölkəsi ilə Ermənistan arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminlik ifadə edib.
V. Putin qeyd edib ki, Moskva Ermənistanı regionda ən yaxın tərəfdaş, habelə iqtisadiyyat və təhlükəsizlik sahələrində vacib müttəfiq hesab etməklə yanaşı, mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edir.
Kreml rəhbərinin sözlərinə görə, ölkəsi Ermənistanla istər xarici siyasət sahəsində, istərsə də tərəflərin hər zaman ortaq mövqe sərgilədiyi BMT daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığa ümidlidir.
Nikol Paşinyan isə ölkəsindəki gərgin vəziyyət fonunda Rusiyanın tutduğu balanslı mövqeni təqdir edərək, bunun Ermənistan cəmiyyətində pozitiv qarşılandığını vurğulayıb.
Ermənistanın hökumət başçısı ikitərəfli münasibətlərin səviyyəsinin müzakirə mövzusu olmadığını, habelə onların siyasi və iqtisadi sahələrdə daha da dərinləşəcəyini qeyd edib.
Qeyd edək ki, görüşdə hər iki tərəfin hökumət nümayəndələri iştirak edib.