“Aqrolizinq” ASC-nin yeni sədri Xaçmazda fermerlərlə görüşüb

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizing” ASC-nin sədri Seymur Mövlayev Xaçmaz rayonunda fermerlərlə görüşüb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, görüş zamanı kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar bu istiqamətdə qarşılaşdıqları problemlər barədə məlumat verib.

 

Seymur Mövlayev bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxsləri gübrələrin keyfiyyəti, texnikalarının ehtiyat hissələrinin Xaçmazda olmaması, texnikaların təmiri ilə bağlı kadr çatışmazlığı, kiçik həcmli texnikalara olan tələbatın ödənilməsi, o cümlədən torpağın və suyun tərkibinin araşdırılması ilə bağlı problemlər narahat edir: "İki həftədir təyin olunmuşam. 23 rayonda fermerlərlə görüşmüşəm, onların fəaliyyəti və problemlərini araşdırdıq. Problemlər hər hansı dövrə aid deyil. Verilən qərarların qəbul olunması, satınalmalar və digər məsələlərin necə optimallaşdırılmasına, idarəetmənin effektivliyinə diqqət yetirmək lazımdır". 

 

S.Mövlayev sadalanan problemlərin həlli istiqamətində araşdırmalar aparıldıqdan sonra təkliflərin hazırlanacağını, bu barədə məlumat veriləcəyini və bu kimi görüşlərin intensiv keçiriləcəyini vurğulayıb. O bildirib ki, fermerlərlə görüşlər bundan sonra da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv