Paytaxtda 2 "Mercedes" toqquşdu - YARALILAR VAR

Gecə saatlarında Bakının Sabunçu rayonu ərazisində, Böyükşor şossesində yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza zamanı "Mercedes" markalı mikroavtobusla eyni markadan olan minik maşını toqquşub.

Avtomobillərin hər ikisi Heydər Əliyev prospektindən Sabunçu dairəsi istiqamətində hərəkət edirmiş və həmin vaxt yolda kifayət qədər sıxlıq da müşahidə edilirmiş. Elə bu sıxlığa görə avtomobillər arasındakı məsafə həddi qorunmadığı üçün avtoqəza qaçılmaz olub.

Məlumata görə, Elvin Feyzilinin idarə etdiyi "Mercedes" markalı mikroavtobus texniki nasazlıq səbəbindən yolun kənarında dayanıbmış. Bu vaxt "Mercedes" markalı ikinci avtomobil gəldiyi sürətlə ona çırpılıb. Deyilənə görə, minik maşınının sürücüsü sıxlıq olduğundan mikroavtobusu vaxtında görə bilməyib. Nəticədə mikroavtobusda olan bir qadın sərnişin ciddi xəsarət alıb. O, əraziyə çağırılmış təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Nisbətən az, əl və üz nahiyələrindən yüngül xəsarət alan 3 sərnişin isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb.

Yol qəzasının təfərrüatları araşdırılır, hadisənin dəqiq səbəblərinə aydınlıq gətirilməsi üçün sürücülər polis orqanına dəvət olunub.

Müəllif | Apa.Tv
Apa.tv